Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı
== Tarix ==
27 aprel 1920-ci il, Axşam saat 11.00
== Məktubun məzmunu ==
Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya:
Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir;
Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;
Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;
Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;
Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;
Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;
Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır.
== Qərar: ==
Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram.
Parlamentin sədri: Məmməd Yusif Cəfərov
Dəftərxana direktoru: Vəkilov.
== Mənbə ==
"Kommunist", 1920.